John Deere ABŞ-ın kənd təsərrüfatı, tikinti və meşə təsərrüfatı texnikası, dizel mühərrikləri, ağır texnika üçün güc ötürücü sistemlər (avtomobillərin körpü tirləri, ötürücülər, sürət qutuları), habelə qazonlara qulluq üçün texnika istehsal edən "Deere & Company" şirkətinə məxsus brend adıdır. 2018-ci ildə şirkət ABŞ-da "Fortune 500" siyahısında 102-ci yeri [3], qlobal reytinq siyahısında isə 394-cü yeri tutmuşdur. "Deere & Company" şirkəti həmçinin maliyyə xidmətləri göstərir və bununla bağlı digər fəaliyyət növləri ilə məşğul olur.
"Deere & Company" şirkəti Nyu York Fond Birjasında "DE" simvolu ilə qeydə alınmışdır. Şirkətin şüarı belədir: "Heç nə Deere kimi qaça bilmir" (burada Deere ingilis dilində maral mənasına gələn "deer" sözünü xatırladır.). Loqotipində isə altında "JOHN DEERE" yazılmış sıçrayan maral təsviri verilir. Fəaliyyət göstərdiyi 155 il ərzində şirkət sıçrayan maral təsviri ehtiva edən müxtəlif loqotiplərdən istifadə etmişdir.