
“Caterpillar Inc.” şirkəti “Fortune 100” siyahısına daxil olan ABŞ şirkətidir. O, müxtəlif texnikanın, mühərriklərin, maliyyə məhsullarının və sığorta təminatının layihələndirilməsini, işlənib hazırlanmasını, modelləşdirilməsini, istehsalını, habelə özünün dünya miqyaslı diler şəbəkəsi vasitəsi ilə marketinqini və satışını həyata keçirir. O, dünyanın ən böyük tikinti avadanlığı istehsalçısıdır. 2018-ci ildə o, “Fortune 500” siyahısında 65-ci, “Global Fortune 500” siyahısında isə 238-ci yerə yüksəlmişdir. “Caterpillar Inc.” səhmlərindən sənaye şirkətlərinin səhmləri üçün Dou Cons indeksinin müəyyən edilməsində istifadə olunur.
Mühərriklər və qaz turbinləri
“Caterpillar”ın kommersiya fəaliyyətinin bir sahəsi də dizel və təbii qaz yanacağı ilə işləyən, şirkətin öz istehsalı olan nəqliyyat vasitələri ilə yanaşı lokomotivlərdə, yük furalarında, dəniz nəqliyyatı vasitələrində və gəmilərdə istifadə olunan, eləcə də pik elektrik stansiyalarında və qəza generatorlarında istifadə edilən mühərriklərin, qaz turbinlərinin istehsalıdır.
“Caterpillar 3116” mühərrikindən şirkət özü 1997-ci ildə yüngül yük maşınları və avtobuslar üçün 6 silindrli, 70.2 litr tutumlu, ilk elektron “Caterpillar 3126” mühərrikini təqdim edənə qədər istifadə olunmuşdur. Növbəti il həmin mühərrikin 3126 B versiyası sayəsində “Caterpillar” qaz tullantılarının və küyün səviyyəsini azaltmağa müvəffəq olmuşdur. 2002-ci ildə istehsalı başladılan, yüksək təzyiqli yağ nasosu və elektronika sistemi daha da təkmilləşdirilmiş 3126E versiyası qaz tullantılarının miqdarını daha da azaltmağa imkan vermişdir. 2003-cü ildə “Caterpillar” ABŞ-ın qaz tullantıları ilə bağlı 2004-cü ildə qüvvəyə minən ciddiləşdirilmiş standartlarının tələblərini yerinə yetirmək üçün mühərrikin C7 adı verdiyi növbəti versiyasını işləyib hazırlamışdır. Mühərrik 3126 versiyası ilə eyni dizayna malik olsa da yanacaq injektorları və elektronika sistemi təkmilləşdirilmişdir. Bu, ACERT (Advanced Combustion Emissions Reduction Technology; az. Atmosferə buraxılan tullantıların həcminin və toksikliyinin azalmasını təmin edən perspektiv texnologiya) sistemi sayəsində mümkün olmuşdur. 2007-ci ildə Şimali Amerikada ultra aşağı kükürd tərkibli dizel yanacağından istifadə olunması tələbi qüvvəyə mindikdən sonra akkumulyatorlu, yüksək təzyiqli yanacaq injektoru sistemindən istifadə edə bilmək üçün C7 mühərrikini və onun ACERT elektronikasını təkmilləşdirmişdir.
İstehsal
“Caterpillar” məhsulları və ehtiyat hissələri müxtəlif dünya ölkələrindəki 110 zavodda istehsal edilir. Bunların 51-i Amerika Birləşmiş Ştatlarında, 59-u isə Avstraliya (2015-ci ilə qədər), Belçika, Braziliya, Kanada, Çin, Çexiya Respublikası, İngiltərə, Fransa, Almaniya, Macarıstan, Hindistan (Çennai), İndoneziya, İtaliya, Yaponiya, Meksika, Hollandiya, Şimali İrlandiya, Polşa, Rusiya, Sinqapur, Cənubi Afrika Respublikası və İsveç kimi ölkələrdə fəaliyyət göstərir.
“Caterpillar”ın tarixi vətəni İllinoys ştatının Peoriya şəhəridir. Şirkətin mərkəzi şöbəsi də bu şəhərdə yerləşir. Onun elmi-tədqiqat və təcrübə-konstruktor sahəsindəki fəaliyyəti də tarixən əsas etibarı ilə burada həyata keçirilmişdir. “Caterpillar” öz yerli istehsalının və anbar fəaliyyətinin xeyli qismini üçüncü tərəflərə həvalə etsə də onun vacib zavodlarından dördü bu gün Peoriyada yerləşir:

dizel mühərriklərinin bloklarının və digər iri detalların tökmə üsulu ilə hazırlandığı Mapleton tökmə zavodu; 70 ildən çox “Caterpillar” traktorlarının yığıldığı Şərqi Peoriyadakı zavod; Mosvildəki mühərrik zavodu (İkinci Dünya Müharibəsindən sonra istifadəyə verilmişdir); və ehtiyat hissələrinin istifadə edildiyi Morton zavodu.
Avropada fəaliyyət göstərən mühüm təsislər:
• Belçika: Qosli (1965): Hidravlik ekskavatorlar, orta güclü yükləyicilər, ehtiyat hissələri (zavod 2016-cı ildə bağlanmışdır)
• Fransa: Qrenobl və Eşirol (1961): Tırtıllı traktorlar, tırtıllı yükləyicilər, təkərli ekskavatorlar, şassi detalları
• Macarıstan: Gödöllö: Metal konstruktiv elementlər, çalovlar
• İtaliya: Minerbio: Yol örtüyünün çəkilməsi üçün mexanizmlər
• Polşa: Sosnovets və Yanuv Lyubelskiy: Metal konstruktiv elementlər
• Rusiya: Tosno: Metal konstruktiv elementlər
• Böyük Britaniya: Lester: Mini-ekskavatorlar; Piterli: Şarnirli raması olan özüboşaldanlar; Piterboro: Mühərriklər; Larn və Belfast: generator aqreqatları
Latın Amerikası ölkələrində fəaliyyət göstərən mühüm təsislər:
• Meksika: Torreón, Acuna, Monterrey, Reynosa, San Luis Potosi, Tixuana
• Braziliya: Campo Largo, Piracicaba, Curitiba, Hortolandia, Sete Lagoas
Texnika (müxtəlif maşınlar və avadanlıq)
“Caterpillar” özünün diler şəbəkəsi vasitəsi ilə 400 adda müxtəlif texnikanın, maşınların və avadanlığın satışını həyata keçirir. Bu maşınlara hidravlik ekskavatorlar, ekskavator-yükləyicilər, avtoqreyderlər, yolsuzluq şəraiti üçün yük maşınları, təkərli yükləyicilər, kənd təsərrüfatı traktorları və lokomotivlər daxildir. “Caterpillar” istehsalı olan texnikadan bina və yol tikintisində, dağ-mədən işlərində, meşə təsərrüfatında, enerji hasilatında, nəqliyyat və yükləmə-boşaltma işlərində istifadə olunur.
“Caterpillar” dünyanın ən böyük təkərli yükləyici istehsalçısıdır. Orta və böyük ölçülü təkərli yükləyicilər şirkətin İllinoys ştatının Orora şəhərində yerləşən təsisində layihələndirilir. Orta təkərli yükləyicilərin istehsal yerləri: İllinoys ştatının Orora şəhəri; Yaponiyanın Kanaqava prefekturasındakı Saqamihara şəhəri; Belçikanın Şarlerua şəhərinin Gosli rayonu; Braziliyanın San-Paulu ştatının Pirasikaba şəhəri; Hindistan və Çin Xalq Respublikası. İri təkərli yükləyicilər istisnasız olaraq Amerika Birləşmiş Ştatlarında, İllinoys ştatının Orora şəhərindəki üç ayrı konveyer yığım xəttində istehsal olunur.


